Mixail Kavelaşvili Gürcüstanda Çinin səfiri Çjou Tsien ilə vida görüşü keçirib
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Tsien ilə vida görüşü keçirib.
Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, səfirin diplomatik fəaliyyəti dövründə Gürcüstan–Çin münasibətlərinin dinamikası, o cümlədən hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi müsbət qiymətləndirilib.
Məlumata əsasən, görüşdə siyasi əlaqələrin dərinləşməsinin gətirdiyi praktiki nəticələr də müzakirə olunub. Bunlara iki ölkə arasında vizasız rejimin tətbiqi, birbaşa hava əlaqələrinin bərpası və genişləndirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əlaqələrin gücləndirilməsi, azad ticarət imkanlarının inkişafı və ali təhsil diplomlarının qarşılıqlı tanınması barədə saziş daxildir.
“Görüşdə Gürcüstan–Çin əməkdaşlığının gələcək gündəliyi də nəzərdən keçirilib. Xüsusilə elmi və tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi, texnologiya sektorunda gələcək əməkdaşlıq məsələlərinə toxunulub. Yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyi və nəticəyönümlü tərəfdaşlığın daha da inkişaf etdirilməsi diqqət mərkəzində olub”, – deyə Gürcüstan Prezident Administrasiyasının məlumatında bildirilir.
Administrasiyanın məlumatına görə, Mixail Kavelaşvili Çjou Tsienə Gürcüstandakı diplomatik fəaliyyətinə görə təşəkkür edib və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.