Mixail Fedorov Ukraynanın müdafiə naziri təyin edilib. Ukraynanın Ali Radası Mixail Fedorovun yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib.
Fedorovun müdafiə naziri təyin olunmasına 277 deputat səs verib.
Parlamentin tribunasından Fedorov bildirib ki, Ukraynanın əsas təhlükəsizlik qarantı onun müdafiə qüvvələridir.
“Hərtərəfli dəyişikliklərə ehtiyac var. Məqsədimiz sistemi dəyişdirməkdir: ordu islahatı aparmaq, cəbhə xəttində infrastrukturu yaxşılaşdırmaq, korrupsiyanı aradan qaldırmaq və yeni liderlik və etimad mədəniyyəti yaratmaq” – Fedorov bildirib.
Fedorov həmçinin qeyd edib ki, “hərbi qulluqçuların maliyyə və sosial təminatını yaxşılaşdırmaq üçün əlavə imkanlar tapmaq” məqsədilə yaxın gələcəkdə “Ukrayna Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin auditini” keçirməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 2-də Mixail Fedorovun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.