Mike Waltz bildirib ki, Donald Trump dünyanı qlobal böhran dövründən çıxarır
BMT-də ABŞ nümayəndəsi bu fikirləri Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı səsləndirib.
Uolts dünyanın dağılma ərəfəsində olması ilə bağlı iddialarla razılaşmadığını vurğulayıb.
“Düşünürəm ki, panelin adı da bunu əks etdirirdi – guya dünya süqutun astanasındadır. Mən bu fikri qəti şəkildə rədd edirəm. Biz dünyanı 18 ay əvvəl mövcud olan böhranlı vəziyyətdən çıxarırıq – Ukrayna, Qəzza və İranla bağlı vəziyyət, husilərin Süveyş kanalını bağlaması, Cənubi Amerikada miqrant böhranı və s. Əgər diqqəti faktlara və nəticələrə yönəltsək və açığını desəm, son 80 ildə baş verməmiş multilateralizmin islahatını həyata keçirsək, dünya bunu alqışlamalıdır”, – deyə Uolts bildirib.
Onun sözlərinə görə, Donald Tramp BMT ilə bağlı NATO-da etdiyi addımlara bənzər siyasət yürütməyi planlaşdırır. Uolts qeyd edib ki, BMT-də islahatlara ehtiyac var.
“Biz fəal şəkildə çalışırıq ki, BMT öz əsas prinsiplərinə – yaradıldığı zaman əsas məqsəd olan sülhyaratma və sülhün qorunması funksiyasına qayıtsın”, – deyə Mayk Uolts əlavə edib.