Miqrasiya departamentinin və sərhəd polisinin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan yaşayan beş xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Hindistan, Pakistan, Nigeriya və Nepal vətəndaşlarından ibarət ümumilikdə beş nəfər saxlanılıb.
DİN-in məlumatına görə, müəyyən edilib ki, saxlanılan şəxslər “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununa əsasən, ölkədə qanuni əsas olmadan yaşayırdılar. Onlar sığınacaq proseduru ilə nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edir və illərlə ölkədə qanunsuz qalırdılar.
“Tutulan şəxslər deportasiya qərarında müəyyən olunmuş müddətlərdən, yəni ölkəni könüllü tərk etmək imkanından istifadə etməyiblər. Nəticədə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti həmin şəxslərin saxlanılması barədə qərar qəbul edib.
Qərarın icrası məqsədilə hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib və onların mənsub olduqları ölkələrə geri qaytarılması planlaşdırılır,” – məlumatda qeyd olunur.