Miqrasiya Departamentinin əməkdaşları 25 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 25 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Gürcüstandan Ermənistan, Özbəkistan, İran, Nigeriya, Tacikistan, Çin, Türkmənistan, Rusiya, Hindistan, Əlcəzair, Misir, Türkiyə, Pakistan və Banqladeşin ümumilikdə 25 vətəndaşı çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.
“Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.