Miqrasiya Departamentinin əməkdaşları 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlərdə həyata keçirilən tədbirlər nəticəsində 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. Bu barədə məlumatı DİN yayıb.
Nazirliyin açıqlamasına görə, kompleks əməliyyatlar nəticəsində ölkədən Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 126 nəfər çıxarılıb.
Qurumun məlumatına əsasən, cari ilin ilk 6 ayında Miqrasiya Departamenti tərəfindən 2036 xarici vətəndaş Gürcüstandan deportasiya edilib ki, bu da ötən ilin ümumi göstəricisini əhəmiyyətli dərəcədə üstələyir.
Bildirilib ki, 2026-cı il iyulun 1-dən “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Yeni qaydaların müasir miqrasiya çağırışlarına cavab verdiyi və miqrasiya proseslərinin daha effektiv idarə olunması, həmçinin dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıdığı qeyd olunub.