Miqrasiya Departamenti xarici ölkənin 31 vətəndaşını saxlayıb, onlardan 13-ü müxtəlif ağır cinayətlərin törədilməsinə görə axtarışda olub
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumidə xüsusi miqrasiya nəzarəti tədbiri keçiriblər. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, kompleks tədbir nəticəsində xarici ölkənin 31 vətəndaşı saxlanılıb, o cümlədən – Türkiyə, Misir, Azərbaycan və İordaniya vətəndaşları.
“Əldə edilmiş məlumat əsasında, tədbir çərçivəsində departamentin əməkdaşları tərəfindən konkret məkanlar yoxlanılıb, məqsəd Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi olub.
Qeyd edilməlidir ki, Batumidə kompleks şəkildə keçirilən miqrasiya nəzarəti tədbirləri çərçivəsində saxlanılan xarici ölkə vətəndaşlarından 13 nəfər müxtəlif ağır cinayətlərə, o cümlədən qətl, yetkinlik yaşına çatmayan şəxsə təcavüz və narkotik cinayətinə görə “Interpol”un qırmızı bülleteni və Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən milli səviyyədə axtarışda olub.
Miqrasiya Departamentinin əməkdaşları tərəfindən qeyd olunan şəxslərin “Sarpi” sərhəd-buraxılış məntəqəsinədək müşayiəti həyata keçirilib və orada saxlanılanlar sonrakı hüquqi tədbirlərin görülməsi üçün Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.
Hazırda saxlanılan şəxslərin bir hissəsi Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə köçürülüb. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.
Miqrasiya Departamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun effektiv icrasını təmin etmək üçün xüsusi miqrasiya nəzarətini mütəmadi olaraq həyata keçirir” – DİN-in yaydığı məlumatda deyilir.