Mete Frederiksen bildirir ki, Danimarka Qrenlandiyaya nəzarət üçün ABŞ-nin qəbuledilməz təzyiqi qarşısında boyun əyməyəcək
Danimarkanın Baş naziri Mete Frederiksen bildirir ki, Danimarka Qrenlandiyaya nəzarət üçün ABŞ-nin qəbuledilməz təzyiqi qarşısında boyun əyməyəcək.
O, nəsillər boyu qurulan gündəmin risklə üzləşdiyini deyib.
“Nəsillər boyu qurduğumuz dünya nizamı heç vaxt olmadığı qədər risklə üzləşib. Son aylar ərzində Qrenlandiya və Danimarka ən yaxın müttəfiqimiz tərəfindən qəbuledilməz təzyiqə məruz qalırlar” – Frederiksen milli gün ilə əlaqədar çıxışında qeyd edib.
Frederiksen deyib ki, transatlantik münasibətlərdə milli suverenlik, sərhədlərə hörmət və xalqların öz müqəddəratını təyinetmə hüququ kimi fundamental prinsiplər təhlükə altındadır.
“Lakin, biz boyun əymirik. Biz danimarkalılar belə deyilik” – ölkənin baş naziri deyib.
Məlumat üçün bildirək ki, seçkilərdə qalib gəldikdən sonra ABŞ Prezidenti Donald Tramp milli və beynəlxalq təhlükəsizlik səbəbləri ilə minerallarla zəngin və strateji mövqeyə malik Arktika adasına ABŞ-nin nəzarət etməsini istədiyini dəfələrlə bəyan edib. Qrenlandiya Danimarkanın tərkibində olan yarı muxtar ərazidir.
Bununla yanaşı, Danimarka və Qrenlandiyanın liderləri adanın gələcəyini yalnız Qrenlandiyalıların həll edə biləcəyini deyirlər.