Merab Dvalişvili Şon O’Mallini məğlub etdi və UFC çempionluq kəmərini karyerasında ikinci dəfə qorudu #1TVSPORT
Merab Dvalişvili UFC-nin super yüngül çəki dərəcəsində (61 kq) çempionluq kəmərini qorudu. Nyu-Cersidə keçirilən tədbirdə gürcü döyüşçü ABŞ bayrağı altında çıxış edən Şon O’Mallini məğlub etdi.
Dvalişvili döyüşə fəal başladı və rəqibinə əvvəlcədən yüksək temp təklif etdi. Şon O’Malli döyüş boyu öz fürsətini axtarırdı, lakin 34 yaşlı gürcü döyüşçü görüşü üçüncü raundda qazandı.
Merab Dvalişvili çempion titulunu ötən ilin sentyabrında, məhz Şon O’Mallini məğlub etdikdən sonra əldə etmişdi və bu gün onu karyerasında ikinci dəfə qorudu. O, ilk dəfə bunu yanvarda Umar Nurməhəmmədovu məğlub etdikdən sonra bacarmışdı. Qeyd etmək lazımdır ki, Nyu-Cersidə keçirilən UFC 316 turnirində ABŞ prezidenti Donald Tramp da iştirak edirdi.
Merab Dvalişvilinin qarışıq döyüş sənətlərində keçirdiyi 24 döyüşdən 20 qələbəsi və 4 məğlubiyyəti var. Bu qələbə onun ardıcıl 13-cü qələbəsi oldu. Bu göstərici ilə o, Xabib Nurməhəmmədov, Demetrius Conson, Corc Sent Pyer, Maks Hollouey və Con Cons ilə bərabərləşdi. Onlardan daha çox ardıcıl qələbə yalnız Kamaru Usman, İslam Maxaçev (15) və Anderson Silva (16) tərəfindən əldə olunub.
Sonuncu dəfə gürcü döyüşçü 2018-ci ildə məğlub olmuşdu, ondan bəri isə super yüngül çəkidə UFC-nin dörd keçmiş çempionunu məğlub edərək çempionluq yoluna davam edib.