Meksikanın təhlükəsizlik qüvvələri hərbi əməliyyat zamanı ən böyük narkokartelin rəhbərini, “El Menço” ləqəbli şəxsi öldürüblər
Meksikanın təhlükəsizlik qüvvələri hərbi əməliyyat zamanı ən böyük narkokartelin rəhbərini, “El Menço” ləqəbli şəxsi öldürüblər, – bu barədə BBC yazır.
“El Menço” adı ilə tanınan Nemesio Oseqera Servantes bu gün Xalisko ştatında öldürülüb. Meksikanın Müdafiə Nazirliyi bildirib ki, əməliyyat ölkənin xüsusi bölmələri tərəfindən planlaşdırılıb və həyata keçirilib. Əməliyyata Meksikanın Hərbi Hava Qüvvələri və Milli Qvardiya cəlb olunub.
59 yaşlı keçmiş polis əməkdaşı “El Menço” ABŞ-a külli miqdarda kokain, metamfetamin və fentanil daşıyan nəhəng cinayətkar təşkilata rəhbərlik edirdi. ABŞ “El Menço” haqqında məlumat üçün 15 milyon dollar məbləğində mükafat təyin etmişdi.