Meksikanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ABŞ-da Bruklin körpüsünə çırpılıb, nəticədə iki nəfər ölüb, yaralananlar var
Meksikanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ABŞ-da Bruklin körpüsünə çırpılıb, nəticədə iki nəfər ölüb, yaralananlar var

Meksikanın Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmi ABŞ-ın Bruklin körpüsünə çırpılıb. Hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Nyu-Yorkun meri bildirib ki, insident zamanı azı 19 nəfər yaralanıb. Erik Adamsın sözlərinə görə, gəmidə 277 nəfər olub. Amerikalı rəsmilər bildirirlər ki, heç kim suya düşməyib. Mer həmçinin qeyd edib ki, Bruklin körpüsü ciddi zərər görməyib.

Meksikanın Hərbi Dəniz Qüvvələri bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Nyu-York polis rəisi hadisənin ehtimal ki, “mexaniki nasazlıq” və enerji çatışmazlığı səbəbindən baş verdiyini qeyd edib. Meksika tərəfinin məlumatına görə, gəminin uzunluğu 297 fut (təxminən 90 metr), eni isə 40 futdur (təxminən 12 metr). Bu gəmi ilk dəfə 1982-ci ildə dənizə çıxıb. Hər il Hərbi Dəniz Akademiyasını bitirən kadetlər üçün təlimlərin yekun mərhələsi kimi gəmi dənizə çıxarılır. Bu il gəmi 6 aprel tarixində Meksikanın Akapulko limanından 277 nəfərlə yola düşüb və onun son təyinat yeri İslandiya olmalı idi.