Məhkəmə Yaponiyanın sabiq baş naziri Şindzo Abenin qətlində təqsirləndirilən şəxsi ömürlük həbs cəzasına məhkum etdi
Yaponiya məhkəməsi ölkənin sabiq baş naziri Şindzo Abenin qətlində təqsirləndirilən Tedzuya Yaqamini ömürlük həbs cəzasına məhkum etdi. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, prokurorlar təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini tələb ediblər və hücumu “müharibədən sonrakı tarixdə son dərəcə ciddi, misli görünməmiş hadisə” adlandırıblar.
Müdafiə tərəfinin 20 ildən çox olmayan daha yüngül cəza tələb etdiyi haqda məlumat yayılıb.
Məlumat üçün bildirək ki, 2022-ci ilin iyulun 8-də Yaponiyanın sabiq baş naziri Şindzo Abeyə Nara şəhərində seçki kampaniyası çərçivəsində keçirilən tədbirlərdən birində çıxış edərkən odlu silahla atəş açıblar. Şindzo Abe hücum nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Polis hadisə yerində Nara şəhərinin sakini, 45 yaşlı Tedzuya Yaqamini saxlayıb. Yaqaminin Şindzo Abenin qətlini etiraf etdiyi haqda məlumat yayılıb.
Şindzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini tuturdu. O, Yaponiya tarixində bu vəzifədə ən uzun müddət xidmət edən şəxs olub. Şindzo Abe 2020-ci ildə səhhətindəki problemlərə görə istefa verib.