Məhkəmə Marin Le Penə dörd il azadlıqdan məhrumetmə cəzası verdi, bunun iki ili ev dustaqlığı, iki ili isə şərti cəzadır
Məhkəmə Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penə dörd il azadlıqdan məhrumetmə cəzası verdi. Fransa məhkəməsinin qərarına əsasən, Marin Le Penə verilən cəza iki hissəyə bölünür – iki il “sərt” cəza, elektron qolbaqla (ev dustaqlığı) çəkə bilər və iki il şərti cəza.
Bununla yanaşı, Le Penə 5 il müddətinə dövlət vəzifəsini tutmağı qadağan edib.
Məhkəmə fransalı ifrat sağçı siyasətçini Avropa İttifaqının vəsaitlərinin qeyri-müvafiq xərclənməsi işi üzrə təqsirli bilib.
Marin Le Pen və onun partiyasının 24 üzvü – partiyanın rəsmi şəxsləri, əməkdaşları, sabiq deputatlar və parlament köməkçiləri Avropa Parlamentində işləmək üçün ayrılan vəsaitdən onların partiyası üçün işləyən əməkdaşların maliyyələşdirilməsi üçün istifadə etməkdə ittiham olunurdular. Le Pen və digər müttəhimlər vəsaitdən istifadə üsulunun qanuni olduğunu iddia edirdilər.