Məhkəmə Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi işi üzrə təqsirləndirilən Mixeil Saakaşvilini həbsdə qoyub
Məhkəmə Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi işi üzrə təqsirləndirilən Mixeil Saakaşvilini həbsdə qoyub

 
Tbilisinin Şəhər Məhkəməsi Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi işi üzrə təqsirləndirilən sabiq prezident Mixeil Saakaşvilini həbsdə qoyub. Bu haqda qərarı hakim Mixeil Cincolia qəbul edib.

Bugünkü iclasda Saakaşvilinin vəkili Beka Basilaia Mixeil Saakaşvili barəsində qətimkan tədbiri olaraq seçilmiş həbsin ləğvi barədə vəsatət təqdim edib. O bildirib ki, proses yekun mərhələdədir və Saakaşvilinin barəsində qətimkan tədbiri olaraq yenidən həbs qərarının verilməsinə artıq ehtiyac yoxdur.

İttiham tərəfi sözügedən vəsatətlə razılaşmayıb.

Bununla yanaşı, hakim Mixeil Cincolia müdafiə tərəfinin vəsatəti ilə razılaşmayıb. Hakim bildirib ki, hələ də yeni cinayətin törədilməsi və gizlənmə təhlükələri var.

Mixeil Saakaşvili tərəfindən sərhədin qanunsuz keçilməsi faktı ilə əlaqədar istintaq 2021-ci ilin oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfər – Elquca Tsomaia, Zurab və Şalva Tsotsorialar və Qiorqi Narimanidze barəsində ittiham irəli sürülüb. Sözügedən işə ayrıca baxılır, onlar girov qarşılığında azadlığa buraxılıblar.