Məhkəmə qrup halında zorakılıqda iştirak və strateji obyektləri ələ keçirməyə cəhd ittihamı ilə saxlanılan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçib
Tbilisi Şəhər Məhkəməsi qrup halında zorakılıqda iştirak və strateji və/və ya xüsusi əhəmiyyətə malik obyektləri ələ keçirməyə cəhd ittihamı ilə saxlanılan şəxslər Davit Sturua, Abo Naveriani, Eva Şaşiaşvili və Tornike Mcedlişvili barəsində həbs-qətimkan tədbiri seçib.
Qeyd olunmuş vəsatəti prokurorluq irəli sürüb, müdafiə tərəfi isə saxlanılan şəxslərin 6000-6000 lari girov müqabilində azadlığa buraxılmasını tələb edirdi.
Hakim vəkillərin vəsatətini təmin etmədi.
Bundan əvvəl, vəkillər hakimin prosesdən kənarlaşdırılması ilə bağlı vəsatət qaldırmışdılar. Onların bəyanatına əsasən, hakim Lela Maridaşvili dünən qrup halında zorakılığı təşkil etmək və ona rəhbərlik etmək, strateji və xüsusi əhəmiyyətə malik obyekti ələ keçirməyə cəhd etmək, Gürcüstanın konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişdirmək və dövlət hakimiyyətini devirməyə çağırış etmək ittihamı ilə saxlanılan şəxslərin işinə baxıb.
Hakim izah etdi ki, prosesdən kənarlaşdırılma üçün əsaslar görmür.
Təqsirləndirilən şəxslərdən biri Tornike Mcedlişvili qeyd edib ki, o, yalnız insanlara kömək etməyə çalışıb.
“Mənim marağım və fikrim orada nəyəsə basqın etmək, zorakılıq törətmək deyildi, mənim hər bir hərəkətim insanlara, həm fəallara, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarına kömək etmək məqsədi daşıyırdı. Mən fəallara kömək etdikdən bir neçə dəqiqə sonra hüquq-mühafizə orqanlarının əməkdaşına kömək etdim və onu təcili yardıma apardım” – Tornike Mcedlişvili qeyd edib.
Prokuror Tamar Bejuaşvili isə bildirir ki, Tornike Mcedlişvili hüquq-mühafizə orqanlarının əməkdaşlarına müəyyən əşya ilə amansızcasına vuran şəxsdir.
“Bu material işdədir və məhkəmə görəcək, bu əşyanı amansızcasına vururdu. Əşyanın nə olduğunu konkretləşdirə bilmərəm. Tornike Mcedlişvili həmin şəxsdir və kadrlarla onun prezident administrasiyasının dəmir hasarına zərər vurduğu təsdiqlənir” – prokuror bildirib.
Onların heç biri barələrində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir.
4 oktyabr hadisələri ilə bağlı dekabrın 6-da 13 nəfəri saxlayıblar. Onların məhkəmə prosesləri gün ərzində Şəhər Məhkəməsində keçiriləcək. İrəli sürülmüş ittihamlar 6 ildən 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.