Tbilisi Şəhər Məhkəməsində sabiq müdafiə naziri Cuanşer Burculadze və onunla birlikdə saxlanılan şəxslərin məhkəmə prosesi davam edir.
Məhkəmə prosesində qətimkan tədbirinə yenidən baxılıb. Hakim iş üzrə saxlanılan şəxsləri – Cuanşer Burculadze, onun müavini Qiorqi Xaindrava və qaynı Vasil Mxeidzeni yenidən həbsdə saxlayıb.
“Prokurorluq, bunu onları alçaltmaq üçün demirəm, lakin şablon izahatlarla hərəkət edir. Əsasən nə dəyişib? Müdafiə tərəfi mənim səhhətimə diqqət çəkir, bu da həqiqətən belədir. Mənə gündəlik reabilitasiya lazımdır. Bu penitensiar müəssisədə mümkün olmur. Ən sərt qətimkan tədbiri zorakı cinayətlərə şamil oluna bilər, bizim halda isə ən sərt tədbirin seçilməsi məqsədəuyğun deyil. İşdə dəyişən odur ki, sübutlar dolayı və təsdiqlənməmiş dəlillərdən kənara çıxa bilməyib, indiyədək onların sübut toplamaq üçün vaxtı var idi. Əsas dəyişiklik ondadır ki, prokurorluq heç bir sübut əldə edə bilməyib. Mənəvi baxımdan sizə demək istəyirəm ki, azyaşlı övladım var, səkkiz övladım var və yaxşı olardı ki, bunu nəzərə alasınız” – Cuanşer Burculadze bildirib.
Dövlət ittihamı Cuanşer Burculadzeni vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və qanunsuz gəlirin leqallaşdırılmasında ittiham edir, bu da xüsusilə külli miqdarda gəlirin əldə edilməsi ilə müşayiət olunub. Cinayət 9-dan 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Müdafiə Nazirliyinin Satınalmalar Departamentinin sabiq rəisi Vladimer Ğuduşauriyə gəlincə, ona 30 000 lari girov tətbiq edilib.