Məhkəmə "Crystal Group"un sahibi Vladimer Stepanyan barəsində qətimkan tədbiri olaraq həbs tətbiq edib
Tbilisi Şəhər Məhkəməsi “Crystal Group”un sahibi Vladimer Stepanyan barəsində qətimkan tədbiri olaraq həbs tətbiq edib.
Prokurorluq Stepanyan barəsində həbs tətbiq edilməsini tələb edirdi, çünki prokuror bildirib ki, Stepanyanın şahidlərə təsir göstərmək, eləcə də sübutları məhv etmək və gizlənmək təhlükəsi var.
Stepanyan prosesdə işlə bağlı heç nə deməyib. Vəkil Stepanyanın 500 000 lari girov müqabilində azadlığa buraxılmasını tələb edirdi.
Prokurorluq Vladimer Stepanyanı qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirin leqallaşdırılması faktlarında ittiham edir. Vəkil Tamar Merlan, Stepanyanın tikinti işləri apardığı torpağın onun mülkiyyəti olduğunu bildirib.
Proses zamanı məlum olub ki, Stepanyanın tikinti icazəsi də olub, lakin Vladimir Stepanyan icazə verildiyindən daha çox yaşayış binası tikib. Prokuror Stepanyanın bu faktı inkar etmədiyini deyib.
Prokurorluğa əsasən, “Crystal Group”a daxil olan MMC “Bakuriani Business Group”un əsas fəaliyyətinin Daba Bakurianidə otel tipli yaşayış komplekslərinin tikintisi və sonradan satışı olduğu müəyyən edilib. Prokurorluğun məlumatına əsasən, Stepanyan qanunsuz tikilmiş yaşayış sahələrini isə tədricən özgəninkiləşdirib. Bu yolla MMC “Bakuriani Business Group” külli miqdarda – 1 894 925 lari gəlir əldə edib. Əldə olunmuş külli miqdarda vəsaitə qanuni forma vermək üçün təqsirləndirilən şəxs vəsaitin bir hissəsini MMC “Bakuriani Business Group”un bank hesablarına yatırıb, bir hissəsini isə şəxsi əmlakına köçürüb, bundan sonra da müəssisənin, özünün və əlaqəli şəxslərin adına daşınmaz /daşınar əmlak alıb.
İttihamın təsdiqlənməsi halında, Vladimer Stepanyan 9 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşə bilər.