Mediaya görə, Ukrayna Təhlükəsizlik Xidməti Tatarıstanda neft nasos stansiyasına hücum edib
Ukrayna Təhlükəsizlik Xidməti Tatarıstanda neft nasos stansiyasına hücum edib, bu barədə məlumatı “BBC”-nin rus xidməti yayıb.
Ukrayna mediasının öz mənbələrinə istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçan aparatları Rusiya tərkibinə daxil olan Tatarıstan Respublikasının Almetyevsk şəhərinin yaxınlığındakı “Kaleikino” neft nasos stansiyasına hücum edib. Bu məlumat “BBC”-nin Ukrayna xidmətinə də təsdiqlənib.
Stansiya Rusiya və Ukrayna sərhədindən min kilometrdən çox məsafədə yerləşir. O, Qərbi Sibir neftini qəbul edir və onu “Drujba” neft kəmərinə ötürür. Stansiya Rusiya şirkəti “Transneft”-ə məxsusdur.
Mənbənin məlumatına görə, hücum nəticəsində altı partlayış baş verib və neftlə dolu bir neçə rezervuar yanıb. Gecə saatlarında yerli Telegram kanalları stansiya ərazisində partlayışların olduğunu bildiriblər.
Şəhər administrasiyası qeyd edib ki, pilotsuz aparatın qalıqları sənaye zonasına düşüb və yanğın başlayıb. Hakimiyyətin açıqlamasına görə, əhali üçün təhlükə yoxdur.