Medianın məlumatına görə, Rusiyadan qaynaqlanan təhdid fonunda NATO Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi planı üzərində işləyir
Almaniya mediasının məlumatına görə, Şimali Atlantika Alyansı Rusiyadan qaynaqlanan təhdid fonunda Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi planı üzərində işləyir.
DPA agentliyinin yazdığına görə, təhlükəsizlik sahəsində vəziyyət daha da gərginləşəcəyi təqdirdə nüvə silahının, o cümlədən Polşa, Finlandiya və Litvada yerləşdirilməsi istisna edilmir.
Məlumata əsasən, NATO-nun planları strateji deyil, taktiki nüvə silahlarını əhatə edir. Bu silahlar düşmənin hərbi qüvvələrinə, aerodromlarına, limanlarına, komanda məntəqələrinə və digər hərbi infrastruktur obyektlərinə qarşı istifadə üçün nəzərdə tutulub.
Belə döyüş başlıqları hədəfə qırıcı təyyarələr və ya qanadlı raketlər vasitəsilə çatdırılır. Onların gücü strateji nüvə silahları ilə müqayisədə daha azdır.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte DPA agentliyinə müsahibəsində Avropada əlavə ABŞ nüvə silahlarının yerləşdirilməsi ehtimalını istisna etməyib. O, davam edən müzakirələrin detalları barədə isə şərh verməyib.
“Biz elə bir vəziyyət yaratmalıyıq ki, heç kim cavabsız qalacağını düşünərək bizə qarşı nüvə zərbəsi endirə bilməsin”, – deyə Mark Rütte bildirib.