Medianın məlumatına görə, İordan çayının qərb sahilində məskunlaşanlar Fələstin kəndlərinə hücum ediblər, 15 nəfər yaralanıb
Medianın məlumatına görə, İordan çayının qərb sahilində məskunlaşanlar Fələstin kəndlərinə hücum ediblər, 15 nəfər yaralanıb

İordan çayının Qərb Sahilində məskunlaşanlar Fələstin kəndlərinə hücum ediblər. Hücum nəticəsində 15 nəfər xəsarət alıb. Bu barədə The Times of Israel yazır.

The Times of Israel xəbərinə görə, yaralananlar arasında fələstinlilər, israilli və xarici könüllülər, İsrail müdafiə qüvvələrinin ehtiyatda olan hərbçisi, tibb işçisi və Reuters-in fotoqrafı var.

Məlumata əsasən, hücum Fələstin kəndlərində – Burin və Beita-da baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə görünür ki, maskalı şəxslər fələstinliləri dəyənəklərlə döyür və zeytun bağlarında olan könüllülərə daş atırlar.

Media yazır ki, yaralananlar arasında həmçinin Burin sakini Başar Eidi də var. Onun evinin ətrafı iki həftə əvvəl hərbi zona elan edilmişdi. Həmin vaxt ona kömək etməyə gəlmiş israilli könüllülər saxlanılmış, iki amerikalı könüllü isə ölkədən deportasiya edilmişdi. İsrail müdafiə qüvvələrinin bildirdiyinə görə, insident onların hərbçiləri tərəfindən dayandırılıb və hazırda iş polis tərəfindən araşdırılır.

Medianın məlumatına görə, oktyabrdan başlayan zeytun yığımı mövsümündə bir neçə hücum baş verib. Məlumata görə, israillilər zeytun yığan fələstinlilərə və fermerlərə kömək edən könüllülərə hücum edirlər.