Medianın məlumatına əsasən, Türkiyədə etiraz aksiyaları zamanı 9 jurnalisti saxlayıblar
Türkiyədə İstanbul meri Ekrem İmamoğlunun saxlanılmasına qarşı etiraz aksiyalarını işıqlandıran 9 jurnalisti saxlayıblar.
Bu barədə “Reuters” Türkiyə Jurnalistlər Birliyinin məlumatına istinadən yazır. Saxlanılan jurnalistlər arasında “France-Presse”nin fotoqrafı da var. Jurnalistlərin saxlanılmasının konkret səbəbi hələlik bilinmir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi olan İstanbul meri Ekrem İmamoğlunun ötən həftə korrupsiya ittihamı ilə saxlanılması ölkədə etiraz aksiyaları ilə müşaiyət olunub. “Reuters”in yazdığı kimi, bir çox şəhərlərdə kütləvi toplantıların qadağan olunmasına baxmayaraq, martın 23-də hökumət əleyhinə dinc nümayişlər yenə də keçirilib.
Müxalif “Cümhuriyyət Xalq Partiyası” İmamoğlunun saxlanılmasını siyasi motivli adlandırır və vətəndaşları nümayişə çağırır. Hökumət bu ittihamı rədd edir.
İstanbulun Saraçane rayonunda bələdiyyə binası qarşısında keçirilən nümayişdə çıxış edən “Cümhuriyyət Xalq Partiyası”nın sədri Özgür Özel İmamoğlu azad olunana qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildirib.