Medianın məlumatına əsasən, Moldovanın parlament seçkilərinə iki gün qalmış MSK İrina Vlaxın "Moldovanın qəlbi" partiyasına seçkilərdə iştirakı qadağan edib
Medianın məlumatına əsasən, Moldovanın parlament seçkilərinə iki gün qalmış MSK İrina Vlaxın "Moldovanın qəlbi" partiyasına seçkilərdə iştirakı qadağan edib

 

Moldovanın muxtar vilayəti Qaqauziyanın sabiq lideri İrina Vlaxın partiyası “Moldovanın qəlbi” parlament seçkilərindən diskvalifikasiya edilib – bu barədə məlumatı “NewsMaker” nəşri yayır.

Nəşrin məlumatına əsasən, İrina Vlaxın partiyasının diskvalifikasiya edilməsi haqda qərar Moldovadan qaçmış rusiyayönlü oliqarx İlan Şorla bağlıdır.

Nəşr həmçinin yazır ki, “Vətənpərvər bloku”nun bir hissəsi olan “Moldovanın qəlbi” partiyasını seçicilərə rüşvət vermək, partiyanın qanunsuz maliyyələşdirilməsi və çirkli pulların yuyulması işi üzrə istintaq çərçivəsində seçki yarışından kənarlaşdırıblar.

Moldovanın MSK-sı partiyanın namizədlərini “Vətənpərvər bloku”nun siyahısından çıxarıb. İndi blokun siyahını yeniləmək üçün 24 saat vaxtı var.

Parlament seçkilərindən diskvalifikasiya edilmiş partiya MSK-nın qərarını qanunsuz və siyasi motivli adlandırıb.

Məlumat üçün bildirək ki, Moldovada siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi, çirkli pulların yuyulması və seçicilərə rüşvət verilməsi işi üzrə istintaq çərçivəsində axtarış aparılıb. Ölkənin Korrupsiya ilə Mübarizə Milli Mərkəzinin məlumatına əsasən, axtarış Dondiuşan və Qlodianidə aparılıb. İş üzrə 7 nəfər şübhəli bilinir. Yayılmış məlumata əsasən, axtarış zamanı rus bank kartları, mobil telefonlar və yaddaş kartları aşkar edilib. Bununla yanaşı, Moldovanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə seçki dövrü başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları iki mindən çox ünvanda axtarış aparıblar. Təkcə bu həftə ölkədə sabitliyin pozulması planı işi ilə bağlı istintaq çərçivəsində 74 nəfəri saxlayıblar.

Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək.