Medianın məlumatına əsasən, ABŞ və Rusiya yüksək rütbəli rəsmiləri arasında Ukraynada müharibə məsələsi ilə bağlı görüş fevralın 18-də keçiriləcək
Amerikanın “Axios” nəşrinin məlumatına görə, amerikalı və rus yüksək rütbəli rəsmilər Ukraynada müharibə məsələsi ilə bağlı fevralın 18-də görüşəcəklər.
Nəşrin məlumatına əsasən, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff daxildir. Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti Ukraynada müharibəni bitirmək üçün danışıqlara başlamağı planlaşdırır.
Bununla yanaşı, Rusiya nümayəndə heyətinin tərkibində kimin olacağı hələlik bilinmir, lakin mənbələrdən birinin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Serqey Lavrov ehtimal ki görüşdə iştirak edəcək.
Xatırladaq ki, Rubio fevralın 17-də Səudiyyə Ərəbistanına gedəcək və Birləşmiş Ərəb Əmirliklərinə qonaq olacaq.