Media, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin gecə 390 pilotsuz uçuş aparatını vurması, Rusiyanın bir neçə aeroportunun fəaliyyətini müvəqqəti dayandırması haqda məlumat verir
Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə Moskva istiqamətində hərəkət edən 390 pilotsuz uçuş aparatını vurub.
Moskvanın meri Serqey Sobyanin, dünən axşamdan bu gün səhərə qədər Moskva regionu yaxınlığında 390-dan çox pilotsuz uçuş aparatının qeydə alındığını bildirib. O, onların böyük əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini deyib. Bilavasitə Moskvaya yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri 81 pilotsuz uçuş aparatını məhv ediblər.
Rusiyanın bir neçə aeroportu fəaliyyətini müvəqqəti dayandırıb.
Bununla yanaşı, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, ötən həftə Ukraynanın hücumları nəticəsində 500-ə yaxın dinc sakinin xəsarət aldığını bildirib. Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin sözlərinə əsasən, bu, münaqişə başlayandan bəri bir həftə ərzində yaralananların sayının 500-ə yaxınlaşdığı ilk haldır.
Rodion Miroşnikin qeyd etdiyi kimi, ötən həftə Ukraynanın hücumları nəticəsində 57 dinc sakin, o cümlədən yeddi uşaq həlak olub.
“Ukrayna tərəfindən həyata keçirilən hücumlar nəticəsində ən çox yaralananlar Belqorod vilayətində, Donetsk və Luqansk regionlarında, həmçinin Zaporojie və Xerson vilayətlərində qeydə alınıb” – Miroşnik bildirib.
Miroşnik, Ukraynanın beynəlxalq humanitar hüquq normalarını pozaraq tibb müəssisələrinə və təcili tibbi yardım nəqliyyatına zərbələr endirdiyini bildirib.
Onun verdiyi məlumata əsasən, Belqorod vilayətinə hücum nəticəsində Oktiabrski kəndindəki rayon xəstəxanasının binası zədələnib. Xerson vilayətində Aleşki şəhərində iki təcili yardım avtomobili minaya düşərək partlayıb. Avtomobillərdən birinin sürücüsü ağır xəsarətlər alıb və xəstəxanada vəfat edib.
Həmçinin, Miroşnik Donetsk regionunda Qorlovka şəhərində təcili yardım avtomobilinə dronla hücum nəticəsində dörd nəfərin xəsarət aldığını bildirib.