Media – Avropa İttifaqı qərarların qəbulu zamanı ayrı-ayrı ölkələrin vetosundan yan keçmək imkanını nəzərdən keçirir

16:56, 29.09.2026

 

Avropa Komissiyası Avropa İttifaqında qərarın qəbulu mexanizmini islahat etməyi planlaşdırır, bunun da məqsədi üzv ölkələr tərəfindən vetodan istifadənin qarşısını almaqdır – bu barədə media Avropa İttifaqının daxili sənəd layihələrinə istinadən yazır.

Yayılan məlumata əsasən, Avropa Komissiyasının prezidenti Ursula fon der Laien yaxın günlərdə Avropa İttifaqının 30-dan çox üzvədək genişlənməsinə hazırlığı nəzərdə tutan planı təqdim edəcək. Bununla yanaşı, Avropa İttifaqının Lissabon Müqaviləsinə dəyişikliklərin edilməsi lazım olmayacaq.

Media yazır ki, təsdiqlənəcəyi təqdirdə bu, son on illik ərzində Avropa İttifaqının daxili fəaliyyətində ən mühüm dəyişikliklər olacaq.

Medianın xəbər verdiyi üzrə, Avropa Komissiyasının layihəsi keçid hüquqi müddəalarının tətbiqini nəzərdə tutur. Onların məqsədi Avropa İttifaqına üzvlük prosesinin bir çox aralıq mərhələlərində 27 üzv ölkənin yekdil razılığı tələbini ləğv etməkdir.

Avropa Komissiyası həmçinin Avropa İttifaqının siyasəti ilə bağlı daha çox məsələ üzrə qərarların ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi qaydasının tətbiq olunması təşəbbüsü ilə çıxış edir, bu da Avropa İttifaqının 15 ölkəsinin razılığı deməkdir.

Layihəyə əsasən, ixtisaslı səs çoxluğu ilə qərarın qəbulu qaydası o cümlədən sanksiyalara, insan hüquqlarına, müdafiə və təhlükəsizliyə, eləcə də vergidən yayınmaya şamil edilməlidir.

Məlumat üçün bildirək ki, qərarların qəbulunun yeni mexanizminin tətbiqi üçün Avropa İttifaqının bütün üzv dövlətlərinin razılığı lazım gələcək. Lakin nəşrin ehtimal etdiyi üzrə, planla Avropa İttifaqına üzv bir sıra ölkələr razı olmaya bilər.

Oxşar