Mədəni İrs Agentliyi - Gürcü tədqiqatçıların fikrincə, Artanuci qalasında aşkarlanan məzarın Aşot Kurapalata aid olduğunu təsdiqləmək üçün əlavə tədqiqat lazımdır
Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin məlumatına əsasən, gürcü tədqiqatçıların fikrincə, Artanuci qalasında aşkarlanan məzarın Aşot Kurapalata aid olduğunu təsdiqləmək üçün əlavə tədqiqat lazımdır.
Mədəni İrs Agentliyi türk həmkarlarının keçmişdə Tao-Klarcetinin siyasi mərkəzi olan Artanuci qalasının elmi cəhətdən öyrənilməsi səylərini təqdir edir.
“Türk arxeoloqların fikrincə, Artanuci (türkcə adı ilə Gevernik) qalasında ehtimal ki, gürcü çarı Aşot Kurapalatın məzarı aşkarlanıb. “Van Yüzüncü Yıl” Universitetinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin arxeoloji ekspedisiyası Artanuci qala-şəhərində, Pyotr və Pavel kilsəsinin xarabalıqları altında məzar tapıb. Onlar, bu məzarın ehtimal ki, böyük gürcü çarı Aşot I (Kurapalata) aid olduğunu bildirirlər.
Professor Vaxtanq Caparidzenin rəhbərliyi ilə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin mütəxəssisləri arxeoloji qazıntıların aparıldığı ərazidə olublar, burada türk həmkarları cari arxeoloji işləri və yeni mühüm tapıntıları, o cümlədən aşkar edilmiş məzarı onlara təqdim ediblər.
Məzarda cəsəd və heç bir yazı olmadığı nəzərə alınmaqla, gürcü tədqiqatçıların fikrincə, məzarın Aşot Kurapalata aid olduğunu təsdiqləmək üçün tapıntının əlavə tədqiqi və təhlili tələb olunur.
Agentlik türk həmkarlarının keçmişdə Tao-Klarcetinin siyasi mərkəzi olan Artanuci qalasının elmi cəhətdən öyrənilməsi səylərini təqdir edir” – Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin məlumatında deyilir.