Mayk Conson - Demokratlar hökumətin bağlanmasına rəsmi şəkildə səs verdilər, analar və uşaqlar indi ərzağı, veteranlar səhiyyə proqramlarını, hərbçilər maaşlarını itirirlər
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson hökumətin “şatdaun”una görə məsuliyyəti demokratların üzərinə yükləyir.
Conson sosial şəbəkədə dərc olunmuş bəyanatda Çak Şumeri tənqid edib.
“Demokratlar hökumətin bağlanmasına rəsmi şəkildə səs verdilər. Nəticələr: analar və uşaqlar indi ərzağı itirirlər, veteranlar səhiyyə və intiharın qarşısının alınması proqramlarını itirirlər, əsgərlər və agentlər maaşsız qalırlar, indi yeganə sual odur ki, Çak Şumer öz eqoist səbəblərinə görə bu ağrını nə vaxta qədər davam etdirəcək?” – Conson yazır.
Məlumat üçün bildirək ki, ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb. Senat hökumətin “şatdaun”unu aradan qaldırmaq üçün maliyyələşdirmə qanun layihəsini dəstəkləməyib.