Mayın 17-də Moskvaya dronlar ilə edilən hücumdan sonra, Kapotne neft emalı zavodu fəaliyyətini dayandırıb
Mayın 17-də Moskvaya dronlar ilə edilən hücumdan sonra, Kapotne neft emalı zavodu fəaliyyətini dayandırıb

 

Mayın 17-də Moskvaya dronlar ilə edilən hücumdan sonra, Kapotne neft emalı zavodu fəaliyyətini dayandırıb – bu haqda “Reuters” agentliyi xəbər verir.

Medianın məlumatına əsasən, pilotsuz uçuş aparatlarının hücumu zavoda kiçik ziyan vurub, lakin təhlükəsizlik məqsədi ilə müəssisənin fəaliyyətinin dayandırılması qərara alınıb.

Agentliyin mənbələrinin məlumatına əsasən, zavodun yenidən işə salınması bir neçə gün çəkəcək.

Kapotne neft emalı zavodunun məxsus olduğu “Gazpromneft” hadisəni şərh etməyib.

Mayın 17-də ukraynalı hərbçilər müharibənin başlanğıcından bəri Moskva şəhəri və Moskva vilayətinə ən böyük hücumu həyata keçiriblər, nəticədə üç nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Moskvada hərbi sənaye ilə əlaqəli bir neçə strateji obyektin yerləşdiyi Kapotne və Zelenoqrada zərbələr endirilib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Moskva meri bildirib ki, Kapotne neft emalı zavodunun məhsulu Moskva yanacaq bazarının 40%-dən çoxunu təşkil edir. Moskva və Moskva vilayətini yanacaqla təmin edən daha bir əsas müəssisə Ryazan neft emalı zavodudur. Zavod mayın 15-də dron hücumundan sonra fəaliyyətini dayandırıb.