Maya Sandu bildirir ki, Rusiya tərəfindən Ukrayna-Moldova sərhədində, beynəlxalq sərhəd-keçid məntəqəsinə edilən hücumdan sonra rəsmi Kişinyov hava məkanını müvəqqəti olaraq bağlamağa məcbur olub
Moldova və Ukraynanın sərhəd-keçid məntəqəsi “Starokozace”yə hücuma Moldova Prezidenti Maya Sandu münasibət bildirib. Onun sözlərinə görə, sentyabrın 8-nə keçən gecə rəsmi Kişinyov hava məkanını bağlamağa məcbur olub.
“Dünən Rusiya dronu bizi hava məkanımızı müvəqqəti olaraq bağlamağa məcbur etdi. Bu gün Rusiya insanların Moldovaya keçdiyi məntəqələrə zərbələr endirir”, – Maya Sandu yazıb.
Moldova Prezidenti bildirib ki, belə halların qarşısını almaq üçün Ukraynanın səması qorunmalı və rəsmi Kiyevin hava hücumundan müdafiə vasitələri ilə təmin edilməsi zəruridir.
“Rusiyanın cəbhə xətti qərbə doğru irəliləyir, buna görə də Ukrayna üçün hava hücumundan müdafiə təcili zərurətdir”, – Moldova Prezidenti bildirib.
Məlumat üçün bildirək ki, Rusiya Odessa vilayətində, Moldova sərhədinin yaxınlığında yerləşən “Starokozace” beynəlxalq sərhəd-keçid məntəqəsinə hücum edib. Hadisə nəticəsində azı iki nəfər həlak olub.