Marta Kos – Demək olar ki, bütün təyyarələr Qafqazdan keçməklə uçmağa başlayıb, məhz buradandan, Orta Dəhliz vasitəsilə ticarət, energetika və rəqəmsal əlaqələrimizi təmin edə bilərik
Genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bildirir ki, Avropa Asiya ilə əlaqə yaratmaq üçün uzun müddət Rusiya və Yaxın Şərqdən keçən iki əsas marşrutdan istifadə edib, lakin münaqişələr səbəbindən hazırda həmin marşrutlar etibarsızdır.
“İqtisadiyyatımızın beşdə birini ticarət təşkil edir, lakin söhbət təkcə digər ölkələrlə aparılan ticarət sazişlərindən getmir. Söhbət coğrafiyadan, məhsulların Avropaya gətirilməsi üçün istifadə olunan yollardan, dəmir yollarından və dəniz marşrutlarından gedir. Söhbət enerjinin evlərimizə çatdırılması üçün istifadə etdiyimiz infrastrukturdan və məlumatlarımızı bütün dünyaya ötürən kabellərdən gedir. Uzun müddət Avropanı Asiya ilə birləşdirmək üçün iki marşruta güvənirdik: Rusiyadan keçməklə Şimal marşrutu və Qırmızı dəniz və Süveyş kanalından keçməklə Cənub marşrutu. Lakin münaqişələr bu marşrutları etibarsız edir. Bir çox gəmi Süveyş kanalının tikilməsindən əvvəl Avropanın istifadə etdiyi Ümid burnundan dolanaraq uzun yolu qət etmək məcburiyyətində qalır” — Marta Kos bildirir.
Bununla yanaşı, Marta Kos videomüraciətində Cənubi Qafqazdan keçən alternativ marşrutdan da danışıb. Onun sözlərinə əsasən, İranda müharibə başladıqdan sonra Avropa ilə Asiya arasındakı demək olar ki, bütün aviareyslər Qafqaz üzərindən həyata keçirilib. Lakin Kos qeyd edib ki, bu marşrutun daha səmərəli olması üçün onun inkişaf etdirilməsi zəruridir.
Bununla yanaşı, Avropa komissarının bəyanatına əsasən, regionun inkişafı və onun əhəmiyyətinin artması Qafqaz ölkələri arasındakı münasibətləri də yaxşılaşdıracaq.
“Başqa yol da var. İranda son müharibənin başlamasından əvvəl və sonrakı təyyarələrin uçuş xəritəsinə baxın. Demək olar ki, bütün təyyarələr Qafqaz üzərindən uçmağa başlayıb. Məhz buradan, Orta Dəhliz vasitəsilə ticarət, energetika və rəqəmsal əlaqələrimizi təmin edə bilərik. O, Avropanı Asiya ilə Türkiyə və Cənubi Qafqaz vasitəsilə birləşdirir. Onun işləməsi üçün biz də öz töhfəmizi verməliyik. Bu marşrut üzrə ticarət dövriyyəsi hazırda 2022-ci ildəkindən dörd dəfə çoxdur. Problem ondadır ki, daşınma müddəti hələ də 45 günə qədər çəkə bilər. Bizim məqsədimiz bu müddəti 15 günə qədər azaltmaqdır. Necə? Yolları, dəmir yollarını, limanları təkmilləşdirməklə və sərhədlərdəki ləngimələri azaltmaqla. Bu, bizneslərimiz üçün xərclərin azalmasına və Avropa İttifaqının əhalisi üçün malların daha ucuz başa gəlməsinə kömək edəcək. Bu, iqtisadiyyatımızın böyüməsinə rəvac verəcək. Həmçinin, onilliklər boyu davam edən münaqişədən sonra region ölkələri arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək, şərq qonşularımızın iqtisadiyyatını gücləndirəcək. İkinci Dünya Müharibəsindən sonra Avropada kömür və polad sənayesi bizim üçün məhz bu rolu oynamışdı. Bu, etibar edə biləcəyimiz marşrutlar vasitəsilə ticarət, energetika və rəqəmsal əlaqələrimizi təmin edən Avropa Komissiyasının prioritetidir” — Marta Kos bildirib.