Marta Kos – bizi zəiflədəcək yeni üzv dövləti qəbul etmək imkanımız yoxdur
“Biz Avropa İttifaqını zəiflədəcək yeni üzvü qəbul edə bilmərik”, – bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Atlantik Şurasının tədbirində bildirib.
“Bizi zəiflədəcək yeni üzv dövləti qəbul etmək imkanımız yoxdur. Biz dostlar qrupu deyilik, biz dəyərlər birliyiyik. Əgər bu dəyərlər birliyinin və onun bütün üstünlüklərinin bir hissəsi olmaq istəyirsənsə, buna uyğun davranmalısan”, – deyə Marta Kos qeyd edib.
Onun sözlərinə görə, ölkə qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, media azadlığı və ifadə azadlığı kimi meyarlara cavab vermədiyi halda Avropa İttifaqına üzv ola bilməz.
“Bizi ittiham edirlər ki, guya demokratiyamız real deyil və sivilizasiyamız geriləyir. Aman Allahım, bu, heç də geriləmə deyil. Sadəcə Macarıstandakı seçkilərə baxın. Düşünürəm ki, bu, kifayət qədər aydın nəticədir”, – deyə Marta Kos bildirib.