Marneulidə hədə-qorxu ilə pul tələb etmə faktı üzrə iki nəfər saxlanılıb
Marneulidə hədə-qorxu ilə pul tələb etmə faktı üzrə iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş iki nəfəri: 1962-ci il təvəllüdlü E.M. və 1981-ci il təvəllüdlü A.Q.-nu saxlayıblar.

DİN-in məlumatına görə, istintaq müəyyən edib ki, cari ilin yanvar–fevral aylarında Marneulidə yaşayan bir neçə vətəndaşa mobil telefonlarla naməlum şəxslər zəng edərək özlərini kriminal avtoritet “Folad”ın adı ilə təqdim ediblər və onlardan pul ödəməyi tələb ediblər, əks halda həyatlarına son qoymaq və əmlaklarını məhv etməklə hədələyiblər.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə kompleks şəkildə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxslərin kimliyini qısa müddətdə müəyyən edərək onları təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 181-ci və 236-cı maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.