Marko Rubio və Serqey Lavrov iyulun 23-də görüşəcəklər
ABŞ-nin dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Serqey Lavrov iyulun 23-də görüş keçirəcəklər.
Serqey Lavrovun bəyan etdiyi kimi, amerikalı həmkarı ilə Cənub-Şərqi Asiya Ölkələri Forumu çərçivəsində dünən qısamüddətli görüş keçirib və tərəflər iyulun 23-də ikitərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.
“Sualları birbaşa vermək və cavabları da birinci mənbədən almaq hər zaman daha yaxşıdır. Marko Rubio ilə dünən görüşdük və təsdiq etdik ki, görüş sabah, günün birinci yarısında keçiriləcək. Ümid edirəm ki, təəssüratlarımızı sizinlə bölüşmək imkanımız olacaq” – Lavrov bildirib.
Öz növbəsində ABŞ-nin dövlət katibi Marko Rubio Lavrovla görüş zamanı Ukrayna müharibəsi məsələsini müzakirə edəcəklərini qeyd edib.
“Biz, ehtimal ki, dünyada bu müharibənin başa çatmasında öz rolunu oynaya biləcək yeganə ölkəyik” – Rubio qeyd edib.
Rubio, Ukraynadakı müharibənin ABŞ və Rusiya arasında müxtəlif sahə və məsələlərdə razılığın əldə olunmasına əhəmiyyətli dərəcədə maneə olduğunu bildirib.
“Bu o demək deyil ki, biz potensial əməkdaşlığın digər sahələrini axtarmağa çalışmayacağıq. Lakin, eyni zamanda, biz bu müharibənin bitməsini də istəyirik. Düşünürük ki, bu müharibənin başa çatması Rusiya üçün də yaxşı olacaq. Beləliklə, bu məsələni qaldıracağıq. Qeyd etdiyim kimi, ABŞ bu müharibəni bitirmək üçün konstruktiv rol oynamağa hələ də açıqdır və hazırdır, əgər belə bir imkan yaranarsa və bu baş verə də bilər. Düşünürəm ki, ruslar da bununla razılaşarlar, biz bu rolu oynayaraq hər şeyi bitirməyə çalışacaq, bəlkə də, yeganə ölkəyik” – Rubio bildirib.