Marko Rubio - "Tramp Marşrutu" Ermənistan və Cənubi Qafqaz regionu üçün sülhün yolunu açır
“Tramp Marşrutu” Ermənistan və Cənubi Qafqaz regionu üçün sülhün yolunu açır – bu haqda ABŞ dövlət katibi Marko Rubio Yerevanın Zvartnots beynəlxalq hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
Rubio qeyd edib ki, “Tramp Marşrutu” layihəsi çərçivəsində ABŞ və Ermənistan arasında strateji əməkdaşlığa dair çərçivə sazişini imzalamaq onun üçün şərəf olub.
Onun sözlərinə əsasən, bu, daha bir tarixi addımdır və Ermənistan ilə region üçün sülhə doğru gedən yolu təmsil edir.
“Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının yenilənməsi ilə ABŞ-Ermənistan ikitərəfli münasibətlərinin gələcəyini müəyyənləşdirmək, ermənilər və amerikalılar üçün tərəfdaşlıq və iqtisadi imkanlara dair yeni yol yaratmaq mümkündür” – dövlət katibi bildirib.
ABŞ dövlət katibi həmçinin qeyd edib ki, bu əməkdaşlıq bununla məhdudlaşmır və onun əsas vəzifəsi hər iki xalqın rifahı naminə münasibətləri inkişaf etdirməkdir. Rubionun sözlərinə əsasən, erməni hakimiyyətinin fəaliyyəti Ermənistan üçün daha yaxşı gələcəyə yol açır.
Məlumat üçün bildirək ki, Ermənistan və ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.