Marko Rubio – Son məlumata görə, biz finiş xəttinə çox yaxınıq, minerallar haqda saziş Ukrayna üçün əladır və bizim üçün düzgün qərardır
ABŞ dövlət katibi Marko Rubio bildirir ki, Ukrayna-Rusiya müharibəsi bitməlidir və mineral ehtiyatlar üzrə saziş bu məqsədə doğru atılan addımdır.
Rubio minerallar üzrə sazişin yaxşı və vacib olduğunu, lakin əsas məqsədin müharibəni bitirmək olduğunu bildirib.
“Prezident çox açıq şəkildə bildirdi ki, müharibəni bitirmək şansı varsa, o, bu fürsətdən istifadə etmək istəyir. O, seçki kampaniyası zamanı da bu haqda danışırdı. O, bu müharibəni mənasız, baha başa gələn müharibə hesab edir” – Rubio “Fox News”a müsahibəsində qeyd edib.
Bundan əlavə, Marko Rubionun bəyanatına əsasən, Ukrayna ilə mineral ehtiyatlar üzrə saziş demək olar ki, tamamlanıb.
“Məndə olan son məlumata görə, biz finiş xəttinə çox yaxınıq” – Marko Rubio bildirib.
Marko Rubio müsahibədə minerallar haqqında sazişin Ukraynaya necə fayda verəcəyindən də danışıb.
“Bu, Ukrayna üçün yaxşı sazişdir. Birləşmiş Ştatlar onlarla işləyir ki, münaqişədən sonra onlar öz təbii ehtiyatlarından təkcə Amerika vergi ödəyicilərinin borcunu ödəmək üçün deyil, həm də Ukrayna iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə etsinlər. Düşünürəm ki, bu, onlar üçün əla sazişdir və bizim üçün düzgün qərardır” – dövlət katibi qeyd edib.
Bundan əlavə, jurnalist ABŞ dövlət katibinə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sual verib və Rubio bu suala belə cavab verib :
“Təhlükəsizlik zəmanəti ondan ibarətdir ki, Birləşmiş Ştatlar indi vacib məsələdə ukraynalıların tərəfdaşıdır. Bu, vergi ödəyicilərimizə pulu qaytarmaq üçün bizə, həm də inkişaf etmək üçün Ukraynaya gəlir gətirəcək, lakin Ukraynaya təkcə təhlükəsizlik zəmanəti deyil, həm də çəkindirici vasitə lazımdır. Onlara elə bir vəziyyət lazımdır ki, gələcəkdə onlara hücum etmək hər kəsə baha başa gəlsin. Bu barədə danışmaq olar və bu, sadəcə Amerika olmaq məcburiyyətində deyil. Avropalılar bu işə qarışa bilərlər”.