Marko Rubio – Partlamamış mərmilər və digər təhlükələr səbəbindən Qəzza bu mərhələdə yaşayış üçün yararsızdır
Partlamamış mərmilər və digər təhlükələr səbəbindən Qəzza bu mərhələdə yaşayış üçün yararsızdır – bu haqda ABŞ dövlət katibi Marko Rubio bildirib. Rubio, ərazi bərpa olunana qədər sakinlərin müvəqqəti olaraq başqa yerdə yaşamalı olacaqlarını deyib.
Dominikan Respublikasına səfəri zamanı keçirilən mətbuat konfransında ABŞ dövlət katibinə Qəzza sektorunun inkişafı ilə bağlı Donald Trampın təklifi haqda sual verilib.
“Qəzzada mövcud vəziyyət yaşayış üçün yararsızdır, bunu şəkillər də sübut edir. Bu, təkcə münaqişə və “HƏMAS”ın qorxaq üzvlərinin yerin altında gizlənməsi ilə deyil, həm də orada partlamamış mərmilər və müxtəlif növ silahların, o cümlədən “HƏMAS”ın silahlarının olması ilə bağlıdır. Bütün bunlar təmizlənməlidir” – Rubio bildirib.
Rubio, prezident Trampın bu problemin həllinə kömək etmək arzusunu ifadə etdiyini deyib.
“Əgər hər hansı başqa ölkə bunu etməyə hazırdırsa, bu, əla olar. Lakin, hələlik heç kim bunu etməyə tələsmir” – Marko Rubio qeyd edib.
O bildirib ki, bir çox ölkə Qəzza və Fələstin xalqı ilə bağlı narahatlığını ifadə edir, lakin onlardan çox azı konkret addımlar atmağa hazırdır.