Marko Rubio – İran danışıqlara ciddi yanaşmır. Hazır olacaqlarsa, biz də hazır olacağıq. Əks halda, özümüzün və müttəfiqlərimizin maraqlarını qorumaq üçün addımlar atacağıq
ABŞ dövlət katibi Marko Rubio İranın danışıqlara ciddi yanaşmadığını bildirib. O, bu barədə Filippində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının xarici işlər nazirlərinin görüşünün açılışı zamanı danışıb.
Rubionun sözlərinə görə, Birləşmiş Ştatlar diplomatik yolla fəaliyyət göstərməyə hazırdır.
“ABŞ həmişə diplomatiyaya sadiqdir. Dialoqa, danışıqlara və fikir ayrılıqlarının sülh yolu ilə həllinə hazırıq. Lakin hazırda problem ondadır ki, İran danışıqlara ciddi yanaşmır. Əgər onlar hazır olsalar, biz də hazır olacağıq. Əks halda, özümüzün və müttəfiqlərimizin maraqlarını qorumaq üçün zəruri addımlar atacağıq”, – deyə Rubio bildirib.
ABŞ dövlət katibi həmçinin Hörmüz boğazı məsələsinə toxunaraq qeyd edib ki, beynəlxalq hüquqa əsasən, İranın bu strateji dəniz marşrutu ilə gəmilərin hərəkətinə nəzarət etmək hüququ yoxdur.
Onun sözlərinə görə, Hörmüz boğazında naviqasiya azadlığının məhdudlaşdırılması təkcə region üçün deyil, qlobal iqtisadiyyat üçün də təhlükə yarada bilər.
“Əgər bu təhlükə altında qalarsa, dünya iqtisadiyyatı və son 150 il ərzində beynəlxalq ticarət və kommersiyanın əsasını təşkil edən beynəlxalq nizam risk qarşısında qalacaq”, – deyə ABŞ dövlət katibi bildirib.