Marko Rubio ilk xarici səfərini Panamaya edəcək
ABŞ dövlət katibi Marko Rubio ilk xarici səfərini Panamaya edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Amerika mediasına görə, səfər Tramp administrasiyasının xarici siyasət enerjisinin böyük hissəsini ABŞ-a yönəltmək niyyətini əks etdirir.
Associated Press yazır ki, immiqrasiyanın məhdudlaşdırılması və narkotik qaçaqmalçılığı ilə mübarizə bu səyin əsas elementləridir. Lakin başqa bir prioritet Çinin Qərb yarımkürəsində artan təsirini azaltmaqdır, o cümlədən ABŞ-ın Panama kanalına nəzarətini bərpa etməkdir.
Səfərdən əvvəl Panama prezidenti Xose Raul Mulino kanalın mülkiyyəti ilə bağlı ABŞ ilə heç bir danışıqların aparılmayacağını bildirmişdi. Panama prezidenti ümid edir ki, Rubionun səfərində miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə kimi ümumi maraqlar müzakirə olunacaq.
Marko Rubio bildirib ki, Trampın Panama kanalına nəzarəti ələ keçirmək istəyi qanuni milli təhlükəsizlik maraqlarından irəli gəlir. ABŞ Dövlət Departamentinin məlumatına görə, Marko Rubio fevralın 1-dən 6-dək Panama ilə yanaşı, El Salvador, Kosta-Rika, Qvatemala və Dominikan Respublikasına səfər edəcək.