Marko Rubio ABŞ Dövlət Departamentində “doğuş turizmi” ilə mübarizə üzrə xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb
ABŞ Dövlət Departamentində “doğuş turizmi” ilə mübarizə üzrə xüsusi işçi qrupu yaradılıb. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, işçi qrupu viza sahiblərinin fəaliyyətini yoxlamaq və qanunsuz “doğuş turizmi” şəbəkələrini dağıtmaq məqsədilə yaradılıb.
“Amerika vətəndaşlığı satılmır. Lakin yaxşı təşkil olunmuş “doğuş turizmi” şəbəkələri ABŞ qanunlarından sui-istifadə etməklə qazanc əldə edirlər. Əcnəbilərə ABŞ-ın viza sistemini aldatmağı öyrədir, onların səfərlərini və yaşayış yerlərini təşkil edir, hətta sənədləri saxtalaşdırırlar. Bütün bunlar xarici ölkə vətəndaşlarının övladları üçün ABŞ vətəndaşlığı əldə etməsinə imkan yaratmaq məqsədilə edilir. Dövlət Departamenti viza sahiblərinin fəaliyyətini yoxlamaq, qanunsuz şəbəkələri dağıtmaq və ölkəmizin qanunlarından bu kobud sui-istifadəyə son qoymaq üçün “Doğuş turizminin qarşısının alınması üzrə işçi qrupu” yaradıb”, – Marko Rubio sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, cəmi bir ay ərzində işçi qrupu dünyanın müxtəlif ölkələrinin vətəndaşlarına verilmiş 600-dən çox vizanın ləğv edilməsi barədə qərar qəbul edib.
“Doğuş turizmi” hamilə qadınların ABŞ-da doğuş etmək məqsədilə ölkəyə səfər etməsi və bununla da övladlarının ABŞ vətəndaşlığı əldə etməsinə çalışması praktikasına deyilir.