Marko Rubio – ABŞ Cənub-Şərqi Asiyaya 2.5 milyard dollar həcmində strateji investisiya yatıracaq

19:53, 22.07.2026

 

ABŞ-nin dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Birləşmiş Ştatlar Cənub-Şərqi Asiyaya 2.5 milyard dollar həcmində strateji investisiya yatıracaq.

Bu barədə ABŞ-nin dövlət katibi Filippində, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində çıxışı zamanı bildirib.

“İftixarla bəyan edirəm ki, Birləşmiş Ştatların “ASEAN”a (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) olan sadiqliyi yalnız sözlərlə məhdudlaşmır. Bunu konkret əməllər də sübut edir. Keçən il elan etdiyimiz və o vaxtdan bəri üzərində fəal işlədiyimiz kimi, ABŞ “ASEAN”la əlaqələri gücləndirmək üçün hökumətin əlində olan bütün vasitələrdən, o cümlədən xarici yardım istiqamətində istifadə edəcək. Bu səy çərçivəsində Birləşmiş Ştatlar Cənub-Şərqi Asiyaya 2.5 milyard dollar həcmində strateji investisiya yatıracaq, bu da regiona olan sadiqliyimizi bir daha sübut edir. Biz investisiyanı ona görə qoyuruq ki, “ASEAN”ın inkişafı Birləşmiş Ştatların öz maraqlarına da uyğundur. Bu, xeyriyyəçilik deyil. Biz bunu sadəcə yaxşı insan olduğumuz üçün etmirik, hərçənd inanıram ki, eləyik. Biz bunu milli maraqlarımıza uyğun olduğu üçün edirik. Sizin hər birinizlə və bütövlükdə regionla tərəfdaşlıq Amerikanın milli maraqlarına xidmət edir və biz bundan heç vaxt imtina etməyəcəyik” – Rubio bildirib.

O bildirib ki, ABŞ müəyyən fikir ayrılıqları yaşadığı güclü ölkələrlə də əməkdaşlıq etmək məcburiyyətindədir. Lakin Rubio izah edib ki, bu, heç vaxt ABŞ-nin müttəfiqlərinin, tərəfdaşlarının və ya ABŞ-nin milli maraqlarının hesabına baş verməyəcək.

“Bununla yanaşı, hökumətimizin digər maliyyə təsir vasitələrindən də “ASEAN”da yeni imkanlar yaratmaq üçün istifadə etməyi planlaşdırırıq. ABŞ-nin İnkişaf Maliyyə Korporasiyası tərəfindən aviasiya infrastrukturu, energetika təhlükəsizliyi və təhlükəsiz təchizat zəncirlərinə istifadə olunacaq 1.5 milyard dollarlıq yeni strateji investisiyanın təsdiqlənməsi sizinlə birlikdə həyata keçirmək istədiyimiz təşəbbüslərin bir hissəsidir. İnanıram ki, XXI əsrin tarixi məhz bu regionda və burada baş verən hadisələrlə yazılacaq. Bunu böyük hörmətlə dünyada qayğısına qaldığımız digər regionlara da aid edərək deyirəm, lakin əminəm ki, XXI əsrin gələcəyi məhz burada müəyyən olunacaq. Birləşmiş Ştatların və Cənub-Şərqi Asiyanın təhlükəsizliyi və rifahı bir-birindən asılıdır” – Marko Rubio qeyd edib.

Oxşar