Marko Rubio – ABŞ administrasiyası prosesin nəticə verməyəcəyini hesab edərsə, Ukraynadakı münaqişənin həllinə kömək etməyi dayandıracaq
ABŞ-nin dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin eskalasiyasının çox daha təhlükəli regional münaqişəyə səbəb ola biləcəyini deyib. Rubio bu barədə Lissabonda keçirilən mətbuat konfransında danışıb.
“Bu, çox təhlükəli müharibədir. Son dərəcə təhlükəli müharibədir, çünki səmimi desək, görünür, hazırda vəziyyət dalana dirənib. Belə vəziyyətlər isə çox təhlükəlidir, çünki dalandan çıxmağın yalnız iki yolu var” – Rubio bildirib.
O bildirib ki, birinci yol danışıqlar yolu ilə razılaşmanın əldə olunmasıdır, bu da sülhə nail olmaq üçün hər iki tərəfdən müəyyən güzəştlərə getməyi tələb edir. İkinci yol isə tərəflərdən birinin və ya hər ikisinin rəqibi məğlub etmək və dalandan çıxmaq üçün hərbi əməliyyatları intensivləşdirdiyi eskalasiyadır. Rubionun qiymətləndirməsinə əsasən, belə bir eskalasiya “çox daha miqyaslı və çox daha təhlükəli regional münaqişəyə” çevrilə bilər.
Bununla yanaşı, Rubio ABŞ administrasiyasının bu prosesin nəticə verməyəcəyini hesab edərsə, Ukraynadakı münaqişənin həllinə kömək etməyi dayandıracağını bildirib.
“Yekun olaraq, biz bu münaqişənin hərbi həllinin olduğunu düşünmürük. Düşünürük ki, bu müharibə danışıqlar yolu ilə bitməlidir. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. ABŞ buna kömək etməyə hazırdır. Biz bunu sınadıq və yenə də sınayacağıq” – Rubio bildirib.
Dövlət katibi, Vaşinqtonun irəliləyiş əldə etməyin imkansız olduğu “mənasız proseslərə” resurs yatırmağı planlaşdırmadığını deyib.
“Biz bu müharibənin danışıqlar yolu ilə bitməsini, əldə olunan razılaşmanın isə daimi, möhkəm və ədalətli olmasını istəyirik. Biz bu məqsədə çatmaq üçün yenidən işləməyə hazırıq” – ABŞ-nin dövlət katibi açıqlayıb.