Mark Rutte – Fridrix Mertsi Almaniyanın seçkilərində qələbə qazanması münasibətilə təbrik edirəm, ortaq təhlükəsizliyimiz üçün onunla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm
NATO-nun baş katibi Mark Rutte Fridrix Mertsin mühafizəkar blokunu Bundestaqın növbədənkənar seçkilərində qələbə qazanması münasibətilə təbrik edir.
“Fridrix Mertsi Almaniyanın seçkilərində bugünkü qələbə münasibətilə təbrik edirəm. Ortaq təhlükəsizliyimiz üçün bu həlledici anda sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm. Avropanın müdafiə xərclərini artırması vacibdir və liderliyiniz bu məsələdə əsas rol oynayacaq” – Mark Rutte sosial şəbəkədə yazır.
Xatırladaq ki, “exit-poll”un nəticələrinə əsasən, Bundestaqın növbədənkənar seçkilərində Fridrix Mertsin mühafizəkar bloku “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı” (CDU/CSU) 29 faizlə liderlik edir. Alis Vaydelin ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 19,5 faizlə ikinci yerdədir, Olaf Şoltsun sol-mərkəzçi “Almaniyanın Sosial Demokrat Partiyası” (SPD) isə 16 faiz səs toplayıb.