Marin Le Pen Corcia Meloni ilə həmrəyliyini ifadə edib – “Tramp çox təhqiramiz davrandı, Corcia Meloninin reaksiyasını tamamilə anlayıram, bu, milli ləyaqətin ifadəsidir”
Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen, Donald Trampın bəyanatları fonunda İtaliyanın Baş naziri Corcia Meloni ilə həmrəyliyini ifadə edib.
“Tramp çox təhqiramiz davrandı. Ona görə də Corcia Meloninin milli ləyaqətin ifadəsi olan reaksiyasını tamamilə anlayıram. Bu, iki millət arasındakı münasibətlərin tamamilə qırılması deməkdirmi? Əlbəttə, xeyr. Bu, iki insan arasındakı münasibətlərin ciddi şəkildə soyumasıdır? Əlbəttə, bəli. Beynəlxalq münasibətlərdə dostlar yoxdur. Ümumi və ya ziddiyyətli ola biləcək maraqlar var” – fransalı siyasətçi bildirib.
Le Pen həmçinin qeyd edib ki, “Tramp Avropada onilliklərdir görmədikləri siyasi iradə formasının rəmzidir”, lakin onun sözlərinə əsasən, “Tramp xarici siyasətdə seçicilərinə vəd etdiyinin tam əksini etdi”.
ABŞ Prezidenti Donald Tramp, Corcia Meloninin onunla şəkil çkdirmək üçün yalvardığını və ona yazığı gəldiyi üçün buna razı olduğunu bildirmişdi. Cavabında İtaliyanın Baş naziri Donald Trampın bəyanatlarının uydurma olduğunu və İtaliyanın heç vaxt heç kimə yalvarmadığını qeyd etmişdi.