Mariam Kvrivişvili və Pərviz Şahbazov Bakıda iki ölkənin energetika sahəsində əməkdaşlığının prioritet məsələlərini müzakirə ediblər
Mariam Kvrivişvili və Pərviz Şahbazov Bakıda iki ölkənin energetika sahəsində əməkdaşlığının prioritet məsələlərini müzakirə ediblər

 

Bakıda, rəsmi səfər çərçivəsində Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşüb. Mariam Kvrivişvili və Pərviz Şahbazov iki ölkənin energetika siyasətinin prioritet istiqamətlərini müzakirə ediblər.

Görüşdə qeyd olunduğu kimi, Gürcüstan və Azərbaycan energetika istiqamətində strateji tərəfdaşlardır. Mariam Kvrivişvili azərbaycanlı həmkarı ilə Gürcüstanın energetika sektorunda cari və planlaşdırılan islahatlar, həmçinin bu sahədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqda danışıb. Nazir bir neçə ölkənin, o cümlədən Gürcüstan və Azərbaycanın iştirakı ilə həyata keçirilən Cənubi Qafqazın elektrik enerjisi sistemini Avropa şəbəkəsinə birləşdirən enerji kabelinin flaqman layihəsinə xüsusi diqqət yetirib.

İki ölkənin nazirləri energetika sektorunda investisiyaların qoyulmasının təşviqi siyasəti barədə də danışıblar. Mariam Kvrivişvilinin qeyd etdiyi kimi, Gürcüstanın böyük hidroresurs potensialı var, bu da böyük energetika layihələrinin həyata keçirilməsinə imkan verir və bu xüsusilə ölkənin enerji müstəqilliyi, onun enerji təhlükəsizliyinin təminatı üçün vacibdir. Mariam Kvrivişvilinin qiymətləndirməsinə görə, Gürcüstanın energetika imkanları təkcə hidro-layihələrin həyata keçirilməsinə deyil, həm də külək, günəş və digər qeyri-ənənəvi bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirməyə imkan verir.
Müvafiq olaraq, sahəyə investisiyaların əlavə cəlb olunması və investorlar üçün cəlbedici mühitin yaradılması məqsədilə Gürcüstan hökuməti rəqabət və bazar prinsiplərinə əsaslanan bir sıra vacib proqramlar həyata keçirir. Bu, investorlara Gürcüstanda bərpa olunan enerji sahəsində layihələr həyata keçirmək üçün əlavə imkan verir.

Mariam Kvrivişvili və Pərviz Şahbazov görüşdə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə əlaqədar əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Nazirlər həmçinin Gürcüstan və Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq Müqaviləsinin nəzərdə tutduğu elektrik enerjisi infrastrukturunun inkişafı və genişləndirilməsi məsələləri haqda danışıblar.

Görüşdə gürcü tərəfdən nazir müavinləri Qenadi Arveladze və Quram Quramişvili, həmçinin Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze iştirak edirdilər.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.