Mariam Kvrivişvili - Mövcud strateji əməkdaşlıq əsasında Gürcüstan və Ermənistan arasında iqtisadi fəaliyyətlərin artımını təmin edəcəyik
Mariam Kvrivişvili - Mövcud strateji əməkdaşlıq əsasında Gürcüstan və Ermənistan arasında iqtisadi fəaliyyətlərin artımını təmin edəcəyik

 

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Ermənistan Prezidentinin nümayəndə heyətinin rəsmi səfəri çərçivəsində Gürcüstanda olan Ermənistan Respublikasının iqtisadiyyat naziri Qevorq Papoyanla görüşüb.

Görüşdə Ermənistan Prezidentinin rəsmi səfərinin Gürcüstan-Ermənistan münasibətlərinin sonrakı inkişafı üçün əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində ikitərəfli, eləcə də genişləndirilmiş formatda görüşlər keçirilib. Mariam Kvrivişvili iki ölkənin prezidentlərinin görüşünə diqqət çəkib və görüş zamanı tərəflər Gürcüstan və Ermənistan arasında ticarət-iqtisadi əlaqələr də daxil olmaqla əlaqələrin geniş spektrini müzakirə ediblər.

“Ermənistanın iqtisadiyyat naziri ilə görüşdə iki ölkənin dayanıqlı və sabit iqtisadi inkişafı davam etdirməsi üçün regionda sülhün nə qədər vacib olması haqda danışdıq. Həmçinin, cari layihələri, eləcə də Gürcüstan və Ermənistan arasında ticarət-iqtisadi əlaqələri daha da gücləndirəcək yeni təşəbbüsləri müzakirə etdik. Nəqliyyat, logistika, ikitərəfli ticarət, turizm və investisiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildi” – Mariam Kvrivişvili qeyd edib.

Həmçinin, görüşdə nazirlər nəqliyyat və logistika sektorunda regional, eləcə də ikitərəfli formatlarda Gürcüstan-Ermənistan əməkdaşlığını müzakirə ediblər.

“Əminəm ki, Ermənistan Prezidentinin rəsmi səfəri nəticəsində, ölkələrimiz arasında mövcud strateji əməkdaşlıq əsasında, ortaq səylərlə ticarət-iqtisadi əlaqələrin dərinləşməsini və Gürcüstan ilə Ermənistan arasında iqtisadi fəaliyyətlərin artımını təmin edəcəyik” – iqtisadiyyat və dayanıqlı inkişaf naziri qeyd edib.

Görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani və Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze iştirak ediblər.

Məlumatı İqtisadiyyat Nazirliyi yayır.