Mariam Kvrivişvili Kutaisi Texnologiya Mərkəzində “TUMO Kutaisi” mərkəzini rəsmi olaraq açdı
Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Kutaisi Texnologiya Mərkəzində “TUMO Kutaisi” mərkəzini rəsmi olaraq açdı.
Nazirliyin məlumatında, Mariam Kvrivişvilinin mərkəzdə tədris prosesi ilə tanış olduğu və bir neçə gün əvvəl dərsə başlayan birinci axının şagirdləri ilə görüşdüyü deyilir.
“TUMO” mərkəzi Gürcüstanda Kutaisi Texnologiya Mərkəzi ekosisteminin mühüm tərkib hissəsidir və dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış təhsil modelini təmsil edir.
Mərkəzin təklif etdiyi təlim proqramlarına 1550-yə yaxın şagird qeydiyyatdan keçib. İlkin mərhələdə artıq 600 gənc kursa qoşulub. Proqram 12-18 yaşarası gənclərin rəqəmsal, texnoloji və yaradıcı bacarıqlarının inkişafına yönəlib və proqramlaşdırma, robototexnika, oyunların yaradılması, animasiya, qrafik dizayn, 3D modelləşdirmə, fotoqrafiya, kino çəkilişi, musiqi, rəsm və generativ süni intellektin əsasları kimi mühüm istiqamətləri əhatə edir. Tədris modeli müstəqil öyrənmə prinsipinə əsaslanır və iştirakçıların real layihələr üzərində işləyərək bilik əldə etdikləri interaktiv təlim modullarını, praktiki seminarları və laboratoriyaları birləşdirir.
“TUMO Kutaisi”də təhsil tam maliyyələşdirilib, bu da gənclər üçün müasir təhsil imkanlarına əlçatanlığı təmin edir” – İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumatda qeyd olunur.