Mariam Kvrivişvili İsrailin yeni təyin olunmuş səfiri Valid Abu Haya ilə tanışlıq xarakterli görüş keçirib
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili İsrail Dövlətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Valid Abu Haya ilə tanışlıq xarakterli görüş keçirib. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yayır.
Qurumun məlumatında, görüşdə ikitərəfli iqtisadi münasibətlər və gələcək əməkdaşlıq perspektivləri haqqında danışıldığı deyilir. İki ölkə arasındakı mövcud ticarət-iqtisadi əlaqələrə diqqət yönəldilib və qeyd edilib ki, Gürcüstan-İsrail ticarət dövriyyəsi cari ildə yüksək, 33%-lik artımla xarakterizə olunur.
“Mariam Kvrivişvili səfirlə İsrail və Gürcüstan arasındakı turizmin hazırkı tendensiyalarını və hava sərnişin daşımalarının daha da genişləndirilməsi perspektivlərini nəzərdən keçirib. Vurğulanıb ki, birbaşa uçuşların sayəsində Gürcüstan İsrail üçün sayca üçüncü turizm istiqamətidir.
Görüşdə qeyd olunub ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı baxımından innovasiyalar və texnologiyalar sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
İqtisadiyyat naziri yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Qenadi Arveladze iştirak edib” – İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.