Mariam Kvrivişvili – Hazırda süni intellekt üzrə Milli Strategiya üzərində işləyirik, Kutaisi Texnologiya Hubında isə ölkədə ilk süni intellekt tədqiqat mərkəzini yaradırıq
Mariam Kvrivişvili – “Gürcüstan üçün rəqəmsal transformasiya yeni imkanların yaradılması, dayanıqlığın gücləndirilməsi və hər bir vətəndaşın rəqəmsal iqtisadiyyatın üstünlüklərindən faydalanmasının təmin edilməsi deməkdir”.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Şanxayda keçirilən “Süni intellektin qlobal idarəçiliyi məsələləri üzrə yüksək səviyyəli görüş”də çıxışı zamanı bildirib.
Mariam Kvrivişvilinin sözlərinə görə, Gürcüstan rəqəmsal iqtisadiyyatın və informasiya cəmiyyətinin inkişaf strategiyası çərçivəsində rəqəmsal infrastrukturu təkmilləşdirir, texnoloji tərəqqini dəstəkləyir və süni intellektin məsuliyyətli şəkildə tətbiqi üçün möhkəm zəmin yaradır.
“Gürcüstan bu qlobal transformasiyadan kənarda qalmayacaq. Hazırda süni intellekt üzrə Milli Strategiya üzərində işləyirik. Kutaisi Texnologiya Hubında isə ölkənin ilk süni intellekt tədqiqat mərkəzini yaradırıq. Bu məkan tədqiqatçıları, startapçıları və beynəlxalq texnologiya şirkətlərini bir araya gətirəcək ki, birlikdə praktiki süni intellekt məhsulları yaradaq və istedadlı gənc nəslin inkişafına töhfə verək”, – deyə Mariam Kvrivişvili qeyd edib.
Kvrivişvili konfransın açılış günü iştirakçıların Çin Prezidenti Si Cinpinin müraciətini dinləmək imkanına malik olmasına da diqqət çəkib. Onun sözlərinə görə, bu, Çinin beynəlxalq tərəfdaşlığa və süni intellektin inkişafına nə qədər böyük önəm verdiyini aydın şəkildə göstərir.