Mariam Kvrivişvili Gürcüstan-Türkmənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edib
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin həmsədriliyi ilə Gürcüstan-Türkmənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçirilib.
Türkmənistan tərəfdən komissiyanın iclasına ticarət və xarici iqtisadi münasibətlər naziri Nazar Ağaxanov həmsədrlik edirdi.
İclasda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları və iqtisadi əlaqələrin daha da gücləndirilməsi haqda danışıblar. Qeyd edilib ki, Mərkəzi Asiya regionunda Gürcüstan Türkmənistanı vacib və etibarlı tərəfdaş hesab edir.
Nazirin qeyd etdiyi kimi, strateji mövqeyi sayəsində Gürcüstan Türkmənistan üçün Avropa ilə Asiyanı birləşdirən qapı və Mərkəzi Asiya regionu üçün həyati əhəmiyyətli tranzit mərkəzidir.
Mariam Kvrivişvili ölkənin makroiqtisadi göstəricilərini vurğulayıb və qlobal çağırışlara baxmayaraq, ölkədə dünyanın ən cəlbedici investisiya mühitlərindən birinin olduğunu qeyd edib.
Nazir Gürcüstanın əsas nəqliyyat və logistika sektorunda həyata keçirilən və ölkənin Orta Dəhlizdəki funksiyasını artırmağa yönəlmiş dövlət investisiyasına xüsusi diqqət yönəldib.
İclasda Gürcüstan və Türkmənistan arasında turizm sahəsində əməkdaşlığın ölkələr arasında birbaşa hava əlaqələrinin başlamasına kömək edəcəyi qeyd edilib.
İclasda həmçinin energetika sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.
Görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, Gürcüstan Hökumət Administrasiyasının rəhbərinin müavini İlia Şamuqia və Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze iştirak edirdilər.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.