Mariam Kvrivişvili “China Eastern Airlines”ın vitse-prezidenti ilə görüşüb
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Çinin ən böyük aviaşirkətlərindən biri olan “China Eastern Airlines”ın vitse-prezidenti Xe Siaotsuen ilə işgüzar görüş keçirib.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsi, cari birgə layihələr və turist axınının daha da artırılmasına dəstək göstərilməsi görüşün əsas mövzusu olub.
Tərəflər Gürcüstan və Çin arasında birbaşa uçuşların tezliyinin artırılmasına yönəlmiş marketinq və təşkilati fəaliyyətləri ətraflı müzakirə ediblər. Birbaşa hava əlaqəsinin ikitərəfli iqtisadi münasibətlərin, ticarət əlaqələrinin və turizmin inkişafında olduqca mühüm rol oynaması faktı vurğulanıb.
“Çox məhsuldar görüşümüz oldu. Görüş çərçivəsində iki ölkə arasında birbaşa uçuşların tezliyini daha da artıracaq cari ortaq fəaliyyətləri müzakirə etdik. Həmçinin birbaşa uçuşları gücləndirəcək bir sıra yeni fəaliyyətlər planlaşdırdıq. İstəyimiz aydındır: mövcud həftədə üç uçuş tezliyi artmasını və tezliklə gündəlik uçuşların, tezliklə gündə iki uçuşun reallaşmasını görmək istəyirik ki, faktiki olaraq hər ay ölkəmizə birbaşa reyslərlə daha çox turist gətirmək imkanımız olsun” -iqtisadiyyat naziri görüşdən sonra qeyd edib.
Görüşün sonunda tərəflər aktiv əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər, bu da Çindən gələn səyahətçi axınının maksimum dərəcədə artmasına və Gürcüstanın Asiya regionunda cəlbedici turizm istiqaməti kimi mövqe tutmasına kömək edəcək.